Elchin Ibrahimov's blog

Archive for August 2010

Uçan gəmimiz yavaş-yavaş mavi dənizdən ucsuz bucaqsız sarımtıl səhraya keçirdi.  Bu çox mülayim, hər kəsin ürəyini oxşayan Aralıq dənizi ilə quru və sərt iqlimi olan amma bir çoxlarına əfsanələri xatırladan Misirin görüşdüyü yer idi.  Misir göy üzündən monoton görünsə də – ətraf hər tərəf səhra və sanki qum üzərində tikilmiş qara kibrit qutularını xatırladan binalar – özündə çox qədim bir sivilizasiyanı daşıdığı və sirrlərlə dolu olduğunu bilirdim.

Ən böyük arzularımdan biri olan Misiri sonunda fəth edəcəkdim. Özü də başdan ayağa kimi !

Qonağı olduğum ilk şəhər İskəndəriyyə idi. Buraya Qəhirədəki Ramzes dəmiryolu vağzalından istər  qatar, istərsə də miniavtobuslarla (daha ucuzdur) gəlmək olar. Şəhər Aralıq dənizi sahili boyunca uzanır (32 km) və mülayiim iqlimi ilə Misirin digər şəhərlərindən seçilir. 1000 ilə yaxın bir dövr ərzində Misirin paytaxtı olmuş, adını eşitdikdə isə ilk olaraq dünyanın ən qədim və ən böyük bir elm ocağı olan İskəndəriyyə kitabxanası, İskəndəriyyə İşıq evini – hansı ki, e.ə 3-cü əsrdə tikiliən və gecələr dənizçiləri limana yönləndirən ,  əsrlərlə insan əli ilə tikilimiş ən hündür bina statusunu qazanan (120-140m) bir qüllədir. Vaxt azlığından burada yalnız bir gün qaldım, Qədim Roma Amfiteatrını və İskəndəriyyə kitabxanasını gördüm.

  • Qədim Roma Amfiteatrı – Yarım dairə şəklində tikilən, açıq səma altında və araşdırmalara görə 100.000 insanın

    Alexandria Library complex

    yerləşə biləcəyi bir tikili!

  • İskəndəriyyə kitabxanasını – faciəli taleyi olan qədim kitabxananı anmaq üçün onun əsl yeri yaxınlığında 2002-ci ildə müasir bir kitabxana tikilib. Yeni bina həm müasirliyi, böyüklüyü, həm də zənginliyi ilə insanı valeh edir.

Yayda İskəndəriyyədə həddindən çox  adam olur. Bu da əsasən yerli və digər ərəb ölkələrindən gələn insanlardır. Qahirəyə daha yaxın olduğu, eyni zamanda mülayim Aralıq iqlimi və qiymətlərin ucuzuğu buraya daha çox yerli turistləri cəlb edir.

Növbəti şəhər Qahirə idi….

Misirə səfər edəcəksinizsə ya gedəcəyiniz bütün yerləri əvvəlcədən bilməli və xüsusi səfər planınız, bir az ingilizcə və bir neçə misirli tanışınız olmalı, ya da turist qruplarına qoşularaq onlarla birgə bələdçinin apardığı yerlərə getməlisiniz. Niyə ?

  1. Şəhəri yaxşı tanımırsınızsa Sizi aldadacaqlar, özü də nəyi var. Normal qiymətin 10 qatı qədər.
  2. Burada heç kim heç nəyi müftə etmir (kimdənsə yolu soruşursunuz, sizə göstərir- bir çox hallarda ora kimi aparır, sonda isə “bəxşiş” istəyir, pulu almamış isə heç yerə getmir).
  3. İnsanın üzünə baxa-baxa yalan danışırlar (Ümumiyyətlə misirlilərlə söhbətlərimdə də boyunlarına aldılar ki, yalan danışmağı, müxtəlif hekayələr uydurmağı sevirlər). Belə vəziyyətlərdə yeganə çıxış yolum müsəlman olduğumu deyib, yalan danışmağın” haram” olmasını irad tutmağım olurdu. Haram sözünü eşidincə əməlli yumşalır, bəzən isə ümumiyyətlə pul götürmürlər!   Zahirən Misir islami bir ölkə təəssüratı bağışlasa da bu heç də belə deyil.  Batil inanclar, dini mənbələrə əsaslanan  yalnış yozmalar və şərhlər. Bir sözlə demək istəyirəm ki, Misirlilərin yaşadığı doğru bir İslam deyil, dəyişdirilmiş və kimlərəsə sərf edən bir İslamdır.
  4. Turistik yerlər təmir olunmuş və səliqəli saxlansa da, digər yerlər çox natəmizdir. Ümumiyyətlə Misirlilərin təmizliklə elə də araları yoxdur. Əlbəttə bu yazdıqlarım hamıya aid deyil və bəzən elə evlərə gedirsən ki, ağzın açıq qalır. Amma böyük qismi təəssüf ki, təmizkar deyil. Maraqlıdır ki, şəhərin yüksək bir yerindən çıxıb baxsanız bir dənə belə rəngi açıq bina tapmayacaqsınız. Heç tarixi binalara da lazımınca baxılmır. Bu boyda zəngin tarixi sərvətin ola amma ona baxmayasan!!
  5. Səhər ağ köynək geyərək şəhərə  çıxsan, axşam geri döndükdə rəngi xeyli qaralmış olacaq. Bu da ondan irəli gəlir ki, Qahirədə çirklənmə çox yüksək səviyyədədir. Şəhərin üstü həmişə qaramtıl buludlarla örtülü olur. Bir tərəfdən də çox isti. Bir sözlə taksi istifadə etmək məcburiyyətindəsən. Gəl indi inadkar şoferlə qiyməti razılaşdır.
  6. Qadınların (turist) yanlarında kişi olmadan gəzmələri heç məsləhət deyil.  Ya da ki hər yeri bağlı bir geyimdə çıxmaq olar. Əks halda küçədə istər cavan, istərsə də orta yaşlı kişilərin əlindən gəzmək mümkün olmayacaq. Adama qırsaqqız kimi yapışırlar və qopmaq bilmirlər. Nə qədər yox desən də arxanca düşür və bir çox hallarda bədəninin müxtəlif hissələrinə əl belə atmaqdan çəkinmirlər! Bu hadisə ilə rastlaşan bir neçə xanımla danışmışam.
  7. Əgər tələbəsinizsə mütləq ISIC kart əldə edin. Bu kart Sizə bütün muzey və tarixi yerlərdə 50%  endirim sağlayacaq.
  8. Yaxşı olar ki, bəzi çox işlənən sözləri biləsiniz:
    1. Salam aləykum,
    2. Sabah əl xair (bizim dildəkinə çox oxşayır)
    3. Sizə “əhlən və səhlən” (xoş gəlmişsiniz) dedikdə  Siz də “əhlən biik” (kişiyə), “əhlən biiç” (qadına) kimi cavab verə bilərsiniz.
    4. Məğəssələməh – Xudahafiz (Goodbye)
    5. Ayva – hə, Lə -yox
    6. Və rəqəmlərin yazılışını. Çünki bəzən qiymətləri görürsünüz amma oxuya bilmədiyin üçün satıcı sizə daha baha qiymət deyir.

Qahirədə ilk görüləcək işlərdən biri Qizədəki piramidlərə getməkdir. Gördükdə heç inanmağın gəlmir ki, onlar e.ə. 2560

Kufu piramidi

ildə tikilib! Maraqlıdır ki, ilk tikildiyində xarici divarları hamar olub, yəni əslində indi görülən hissə daxili strukturdur ki, onların da üzərində örtük daşlar var imiş. Ancaq 4.000 ilə yaxın zaman ərzində sərt iqlim və s. şərtlər altında onlar dağılıb gedib. Yeri gəlmişkən Piramidlər Antik dövrün 7 möcüzəsindən ən qədimi, eyni zamanda dağılmaya ən az məruz qalanlarından biridir. Qizada doqquz piramid var ki, onlardan ən böyüyü Kufu, daha sonra Kafrə və Mənkaurədir. Onların yüksəklikdən baxdıqda tikilmə yerləri də çox maraqlı seçilib – dioqanal üzrə.  Digər altı piramid isə kraliçalara tikilib və əvvəlkilərlə müqayisədə xeyli balacadır. İsti yay günündə, səhranın quru havasında dəvə üzərində piramidlərdən Sfinksə getməyin isə xüsusi ləzzəti var. Lap nağıllar yadıma düşür.

Qiza Piramid kompleksi

Evə gəlib bir az dinləndikdən sonra İslamic district-də (rayon) yerləşən Xan -Əl- Xəliliyə getmək olar. Osmanlılar dövründə əsası qoyulmuş və o zamanlar Türk bazarı kimi tanınan bu yer, turistlərin və yerli camaatın sevimli məkanlarından biridir. Qahirəyə gələn burada mütləq bazarlıq etməlidir. Əlbəttə ki, qıyməti salmağı da unutmayın J. Həmçinin” Xan” kafeləri ilədə məşhurdur. Onlardan ən seviləni isə “Əl-Fişavi” kafesidir. Orada bir “səhləb” içərək ətrafa da göz gəzdirməyi unutmayın.

“Xan”-ın həmən yanında Qahirənin ən müqəddəs yerlərindəən biri “Əl-Hüseyn” məscidi yerləşir. 12-ci əsrdə Hz.Muhamməd (sav)-ın nəvəsinin şərəfinə tikilmiş məsciddə Qurani Kərimin ən qədim nüsxələrindən biri saxlanılır.

Qahirədəki ikinci günü neoklassik stildə tikilmiş və göz oxşayan xarici dizaynı, eyni zamanda çox zəngin eksponatları ilə seçilən Misir muzeyində başladı.  Muzeydə  Tutanxamunun zəngin kolleksiyası, Kral ailəsinə aid 3 minillikdən çox yaşı olan 27 mumiya, qədim Misir antik əşyaları və dünya muzeyləri içində ölçüsünə görə ən böyük olan heykəli görmək olar. Müzeyi bələdçi ilə gəzməyiniz məsləhətdir.

Daha sonra yenidən İslamic district-ə gedərək, ilk öncə Sitadel( Citadel) adlanan yerə getmək olar. Bizim “İçəri Şəhər”kimi ətrafı hündür divarlarla əhatələnmiş və şəhərin yüksək yerlərindən birində tikilmiş bu qala Xaç yürüşlərindən qorunmaq üçün inşa edilib.  Qalaya baxdıqda Sitadel kimi tanınan Mohamməd Əli Paşa məscidinin göylərə şərəflə ucalan qübbə və minarələri o saat diqqəti cəb edir. 19-cu əsrin ortalarında Osmanlılar tərəfindən Paşanın oğlu Tusunun şərəfinə tikilib. Sitadeldə daha bir Osmanlı məscidi 16-ci əsrdə tikilən Süleyman Paşadır. 13-14-cü əsrlərdə Məmluklar tərəfindən tikilən Əl-Nəsir-Muhamməd məscidi də var. Maraqlıdır ki, yolun digər tərəfində də daha 2 məscid vardır ki, onlardan biri 14-cü əsrdə Türk Sultanı Əl-Nasir Hasan tərəfindən tikilib, digəri isə 19-cu əsrin sonunda  tikilməsinə baxmayaraq əvvəlkindən görünüşünə görə çox da fərlənmir. Əl-R ifaii adlanan məscid Koşiar Xanımın sifarişi ilə o zamanlar Misirin ən istedadlı memarı tərəfindən 40 ilə tikilib. Sonda onu da bildirim ki, burada olduğunuz zaman özünüzü məscidlər aləmində hiss edəcəksiniz.

Axşamtərəfi istirahət və günəşin batmasını izləmək üçün Əl-Azhar parkına getmək olar. Şəhərin yaşıllıq və sakitlik olan nadir yerlərindən biri.

Üçüncü günü Koptik Qahirəyə getməklə başlamaq olar. Bu ərazi əsasən xristian abidələri ilə zəngindir.  Babilon qalası, Koptik muzey, Misirin ən qədim kilsələrindən biri olan “Asılı Kilsə” (Hanging Church) (tikildiyi zaman yer səviyyəsindən 6 m qaldırılmışdır ki, ətrafdakı binalardan seçilsin). Həmçinin V əsrdə tikilmiş və Misirin ən qədim kilsəsi olan Abu-Serga kilsəsinə də getməyi unutmayın. Bibliyada hekayə edilir ki, Hz. Məryəm, Yusuf və Hz. İsa peyğəmbər yəhudi kralı Böyük Herodun təqibləri ucbatından  Fələstindən Misirə qaçarkən, məhz burada təxmini 3 həftə qalmışdır. Kilsədə müqəddəs ailənin burada qaldığı müddətdə işlətdiyi suyun çıxarıldığı quyunu da görmək olar. Həmçinin bu ərazidə Bən Əzra adlı bir sinaqoq da var. Günün qalan hissəsini isə Nil sahillərində keçirtmək olar. Xüsusilə axşam vaxtı Nil çox gözəl olur.

İki yemək vardır ki, əgər Qahirədəsinizsə onların da mütləq dadına baxmalısınız. Biri içi doldurulmuş göyərçin, digəri isə koşaridir. İkinci mənim ən sevdiyimdir. Koşarının bişirildiyi ən dadlı yer mərkəzdə yerləşən Abou Tarek kafesidir.

Qatarımız isə artıq yavaş-yavaş sürət yığmağa başlamışdı. Növbəti şəhər Asvan idi.

Advertisements

Facebook

Link to my FB account=)

My Tweets

Error: Twitter did not respond. Please wait a few minutes and refresh this page.

free counters

Calendar

August 2010
M T W T F S S
« May   Oct »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

My Flickr Photos

My Stats

wordpress visitor

My Blog Categories

Top Clicks

  • None
http://www.azadliq.org/ http://www.azadfikir.org/